Azərişıq” ASC-nin kollektivi I Avropa Oyunlarının uğurla başa çatmasında öz iştirakından qürur duyur
NİCAT Muslumov
Beynəlxalq aləmdə böyük əks – səda doğuran və yüksək səviyyədə reallaşan “Bakı-2015” I Avropa oyunlarının uğurla başa çatması ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın yüksək təşkilatçılıq və gərgin əməklərinin nəticəsidir. Bu böyük zəfər bütövlükdə Azərbaycanın və bu işdə əməyi olan hər bir kəsin qələbəsidir. Bu möhtəşəm qələbədən bütün xalqımız qürur duyur. I Avropa Oyunlarının uğurla keçirilməsində elektrik enerjisi təchizatının dayanıqlılığı və yüksək keyfiyyətli təminatı da xüsusi əhəmiyyət kəsb etdi. Oyunların keçirildiyi dövrdə, möhtəşəm açılış və bağlanış mərasimləri zamanı ”Azərişıq”ASC əməkdaşlarının I Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOS) personalları ilə birgə səmərəli fəaliyyəti nəticəsində idman tədbirləri keçiriləcəyi məkanların, bu tədbirlə bağlı sosial təyinatlı infrastrukturların, parkların, küçələrin,xüsusən də “Bakı Bulvarı”nın elektrik enerjisi ilə təchizatı yüksək səviyyədə təmin olundu. Bütün bunlar isə “Azərişıq” tərəfindən qısa müddət ərzində həyata keşirilən irimiqyaslı təxirəsalınmaz tədbirlərin və əməkdaşların gərgin əməyi nəticəsində mümkün oldu. Belə ki,” I Avropa Oyunlarının uğurla keçirilməsi üçün “Azərişıq” ASC üzrə xüsusi tədbirlər planı hazırlanmış, bu sahədə xarici ölkələrdən gələn mütəxəssislərlə sıx əməkdaşlıq yaradılaraq konkret sxemlərlə həyata keçirilmişdi. Hər bir əməkdaşla xüsusi hazırlıq işləri aparılmış, texniki personalın peşəkarlıq səviyyəsinin yüksəldilməsi və gözlənilməz hadisələrin operativ aradan qaldırılması məqsədilə proqramlaşdırılmış treninqlər həyata keçrilmiş, dəfələrlə yoxlama-sınaq işləri aparılmışdır, 24 saatlıq növbətçilik rejimi yaradılmışdır. I Avropa Oyunlarının keçiriləcəyi bütün məkanların, xüsusən də Olimpiya Stadionunun, Heydər Əliyev adına İdman Kompleksinin, Gimnastika Mərkəzinin, Su İdman Sarayının, Atletlər kəndinin, Üzgüçülük Hovuzunun, idmançıların və qonaqların yerləşəcəyi çoxsaylı hotellərin, onların istirahəti üçün nəzərdə tutulmuş sosial təyinatlı obyektlərin, muzeylərin, İçərişəhər Dövlət Qoruğunun ərazisindəki infrastrukturların, parkların, küçələrin, fəvvarələrin fasiləsiz və etibarlı elektrik enerjisi ilə təhcizatı yüksək səviyyədə təmin olundu. Gecəsi də gündüzləri kimi nura qərq olan paytaxt Bakımız bu günlərdə, xüsusən də I Avropa Oyunlarının çox yüksək səviyyədə və təkrarı olmayan açılış və bağlanış mərasimlərində rəngarəng işıqlanma effekti ilə daha möhtəşəm və əzəmətli güründü, əbədi olaraq xatirələrdə qaldı. Ölkə vətəndaşlarının və bu tədbirlə əlaqədar paytaxtımıza gələn qonaqların müsahibələrindən göründüyü kimi onlar bu rəngarəng işıq görüntülərindən çox məmnun qaldılar. Bu uğurlar isə təkcə paytaxt Bakı ilə səciyələnmirdi. I Avropa Oyunlarının bir hissənin keçirildiyi Mingəçevir şəhərindəki idman obyektlərinin elektrik enerjisi təchizatı, habelə ölkəmizin ən ucqar nöqtələrində belə yaşayan vətəndaşlarımızın idman oyunlarını yüksək bayram əhval-ruhiyəsi ilə izləmələri energetiklərimiz tərəfindən təmin edildi. I Avropa Oyunları sübut etdi ki, Azərbaycan hər cür kütləvi beynəlxalq tədbirlərin keçirilməsi üçün ən uğurlu məkanlardan biridir. İndi əminliklə demək olar ki, belə möhtəşəm tədbirlər ölkəmizin hər şəhər və qəsəbəsində reallaşdırıla bilər. Bu tədbirlər bir daha göstərdi ki, ölkəmiz elektrik enerjisi təchizatı ilə nəinki öz daxili ehtiyaclarını ödəyə bilir, hətta qonşu dövlətlərə də elektrik enerjisi ixrac etməyə qadirdir. Görülən işlər, alınan nəticə isə Azərbaycanın işıqlı gələcəyinə daha böyük ümidlər yaradır. Şükürlər olsun ki, çəkilən zəhmət öz bəhrəsini verdi. Ulu Öndərimiz Heydər Əliyevin - “Azərbaycan dünyaya günəş kim doğacaq” arzusu onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində çox böyük uğurla reallaşdırıldı.