ELNUR ELTÜRK

ELNUR ELTÜRK

serdarunsal76@gmail.com

ANA DİL DE KONUŞMAK

14 Şubat 2013 - 18:59

Elnur Eltürk

 

İlk öncə onu bildirim ki, bu mövzu ilə bağlı məqalə yazmaq həvəsində deyildim. Çünki toxunduğum məsələ haqda istənilən səviyyədə yazılıb və çox deyilib. Mənim də qeyd edəcəyim məsələlərin, fikirlərin məndən əvvəl deyilənlərdən elə də fərqlənməyəcəyini düşünürəm. Buna baxmayaraq, yenə də bəzi fikirlərimi bildirməyi qərara aldım.

Bu günlərdə uzaq Amerikadan gələrək, bir əcnəbi qızın doğma dilimizdə danışması ilə bağlı verilişə baxandan sonra düşündüm ki, öz doğma dilinə yuxarıdan aşağı baxan bəzi insanlarımız utanarlar. Ancaq düşünürəm ki, bu elə də inandırıcı deyil. Son illər cəmiyyətdə rus dilində danışanların sayı artmaqdadır.

Əslində, qeyd etdiyimiz mövzular haqda hələ yüz il bundan öncə Mirzə Cəlil qələmə aldığı “Anamın kitabı” əsərində mövcud problemləri gözəl izah edirdi. Ustad öz doğma dilində danışmağı ar bilənlərin və özünü ziyalı adlandıranların xalq içində heç bir uğur qazanmayacaqlarını “Molla Nəsirəddin”in dili ilə açıq-aydın yazırdı və onları xalq dilində ifşa edirdi. Çünki Mirzə Cəlil hər zaman ana dili məsələsinə xüsusi diqqət ayırırdı. Buna qarşı çıxanları gülüş obyektinə çevirirdi.

Nə edək ki, Mirzə Cəlilin yazdıqlarından yüz il keçməsinə baxmayaraq, bundan nəticə çıxarmayanlar var. Eyni məsələ M.Ə.Sabir satiralarında da, Üzeyir Hacıbəyovun felyetonlarında da öz əksini tapırdı.

Hər zaman deyildiyi kimi, dil bir millətin milli varlığının təcəssümünün göstəricisidir. Buna qarşı çıxmaq öz keçmişinə, tarixinə, mədəniyyətinə asi olmaq deməkdir.

Utanılası odur ki, Azərbaycan dilini, mədəniyyətini və s. adət-ənənələrini sevərək öyrənən Marta Louri Azərbaycan türkçəsində səlis danışır, cəmiyyətimizdə bəzi ağzı göyçəklər isə öz dilinə yuxarıdan aşağıya baxırlar.

Özü də maraqlıdır ki, bu gün rus dilində üç-dörd söz əzbərləyib, danışmağı bacara bilməyənlər, özlərini ağıllı kimi qələmə verməyə çalışanlar daha çox bu qrupa aiddirlər. Guya bunlar rus dilində danışmaqla, cəmiyyətdə daha hörmətlə qarşılanacaqlar.

Xüsusilə, bu daha çox şəhərin mərkəzi küçələrində, dövlət orqanlarında, bank sektorunda, sığorta şirkətlərində və s. sahələrdə açıq-aydın görünür.

Bəzi oxucularımız düşünəcəklər ki, mən başqa dillərdə danışmağın əleyhinəyəm. Əsla, elə deyil! Rus və sair dillərdə danışmaq yaxşı əlamətdir. Yaşadığımız informasiya və innovasiyalar əsrində dilin böyük əhəmiyyəti var.

Amma, baxır harada və hansı yerdə. Görəndə ki, iki azərbaycanlı bir-biri ilə rus dilində danışır, bu artıq dil mədəniyyəti yox, öz dilinə qarşı mədəniyyətsizlikdir, tərbiyyəsizlikdir. Axı, biz Sovetlər Birliyindən ona görə çıxmadıq ki, öz dilimizi itirək və rus dilini gündəmə gətirək. Birinci evin içi, sonra çölüdür.

Əsrin əvvəllərində ziyalılarımız öz dilimizdə yazıb-yaratmağın vacibliyi və onun inkişafı uğrunda mücadilə aparırdılar. Hansı əzab-əziyyətlərlə buna nail oldular.

Onda belə çıxır ki, biz həmin dövrə qayıdırıq və o zamandan indiyə qədər insanlarımızın təfəkküründə heç bir dəyişiklik baş verməyib. Bildiyim qədərilə Fransa, Almaniya və s. ölkələrdə insanlar ingilis dilində təmiz danışırlar, amma onlar heç bir zaman öz doğma dillərindən başqa dildən istifadə etmirlər.

Öz doğma dilində danışmayan xalqın dili qısa və üzü qara olar.