Məmməd Əmin Rəsulzadənin 140 illiyi konferansı

Məmməd Əmin Rəsulzadənin 140 illiyi konferansı
01 Şubat 2024 - 22:37
Məmməd Əmin Rəsulzadənin 140 illiyi konferansı

AMEA-nın Naxçıvan Bölməsində “Məhəmməd Əmin Rəsulzadə ictimai xadim və ədəbiyyatşünas kimi” mövzusunda elmi konfrans olub.
Konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.
Akademik qeyd edib ki, yanvar ayının 31-i görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi tamam olur.
İsmayıl Hacıyev M.Ə.Rəsulzadənin ictimai və siyasi fəaliyyətinin xüsusi önəm daşıyan cəhətlərini diqqətə çatdırıb. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının M.Ə.Rəsulzadənin ictimai xadim, siyasət və elm adamı, ədəbiyyatşünas, ədəbi tənqidçi, yazıçı, publisist kimi daha dərindən araşdırılmasına rəvac verəcəyini bildirib.
Konfransda bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Məhəmməd Əmin Rəsulzadə və mətbuat”, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev “Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyəti” və Naxçıvan Bölməsi Aparatının Beynəlxalq əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Mehriban Sultanova “Məhəmməd Əmin Rəsulzadənin “Əsrimizin Səyavuşu” əsəri” adlı məruzələr ediblər.
Məruzələrdə M.Ə.Rəsulzadənin həyatı haqqında geniş məlumat verilib, onun fəaliyyətinin əsas mərhələləri şərh olunub. “Şərqi-rus”, “İran-nou”, “İrşad”, “Təkamül”, “İqbal”, “Açıq söz”, “Yeni Kafkasya” kimi qəzet və məcmuələrdə dərc olunan çoxsaylı məqalələrinin mahiyyəti, ideya-məzmun xüsusiyyətləri təhlil olunub. Vurğulanıb ki, M.Ə.Rəsulzadə məqalə, memuar və başqa jarnlarda yazdığı publisistik əsərləri vasitəsilə ideya və düşüncələrini ustalıqla xalqa çatdırmağı bacarmışdır. Gənclərdə milli hisslər formalaşdırmaq amalı ilə başladığı siyasi mübarizlik həyatının 1908-1913-cü illəri əhatə edən İran və Türkiyə dövrü M.Ə.Rəsulzadənin inqilabçı demokrat kimi yetişməsində müstəsna rolu olmuşdur. Gənc Məhəmməd Əmin türkçülük ideyalarının gələcək ideoloqlarından biri kimi püxtələşmişdir.
Məruzələrdə onun dövlət xadimi kimi Azərbaycan xalqı qarşısında xidmətləri, Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyəti, qəbul olunan mühüm tarixi qərarlar, yerinə yetirilən işlər, tarixi torpaqlarımız olan Borçalı və Qarabağla bağlı fikirləri diqqətə çatdırılıb.
Həmçinin M.Ə.Rəsulzadənin “Əsrimizin Səyavuşu” əsərində əksini tapan fikirlər siyasi, tarixi və fəlsəfi baxımdan təhlilə cəlb olunub, əsərin ədəbi-mədəni fikir tariximizdəki roluna nəzər yetirilib. Şərq-Qərb mədəniyyətləri kontekstində Azərbaycanın ümumiləşmiş bədii obrazı olan Səyavuşun dilindən ifadə olunan fikirlər, əsərin ideyası əhatəli şərh edilib.
Konfransa akademik İsmayıl Hacıyev yekun vurub.
#mehemmedeminresulzade
#MəhəmmədƏminRəsulzadə
#yubiley

YORUMLAR

  • 0 Yorum