""Canavar"ın döyüş yolu" filminin təqdimatı keçirildi
20 Nisan 2023 - 12:02
“”Canavar”ın döyüş yolu” filminin təqdimatı keçirildi
Bildiririk ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Aztəminatlı Əlil, Şəhid və
Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyi “Əbədiyaşar şəhidlərimiz”
adlı layihə icra edir. Layihə zamanı “Canavar” ləqəbli Şəhid polkovnik-leytenant
Rəşad Quliyev barədə film çəkilib.
Şəhid Rəşad Quliyev barəsində ictimaiyyətə daha çox məlumat vermək
üçün bu gün, şəhidin bacısı Nazilə Rəşidin çalışdığı Nizami rayonunda yerləşən
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi İnternat
məktəbində layihənin icrası zamanı çəkilən “”Canavar”ın döyüş yolu” adlı filmin
təqdimatı keçirilib. Tədbir məktəbin direktoru Tariyel Əkbərovun təklifi ilə bütün
şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad olunması ilə başladı. Layihə
rəhbəri Məlahət Abdullayeva layihə barədə qısaca məlumat verdikdən sonra
bildirdi ki, əslən Quba şəhərindən olan Rəşad Quliyev 1983-cü ildə Bakı
şəhərində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseyi, Heydər Əliyev
adına Azərbaycan Ali Hərbi Məktəbini, Azərbaycan Ordusunun Təlim və Tədris
Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib. Azərbaycan Ordusu sıralarında
leytenant rütbəsində motoatıcı taqım komandiri vəzifəsindən Müdafiə
Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin baş zabiti vəzifəsinə və
polkovnik-leytenant hərbi rütbəsinədək yüksəlib. 37 illik ömrünün 15 ilini cəbhə
bölgəsində, səngərlərdə keçirən Rəşad Quliyev Heydər Əliyev adına Ali Hərbi
Məktəbi bitirəndə məzun albomuna Qarabağla bağlı arzularını yazıb. Vətən
müharibəsinin ilk günündən tabor komandiri Rəşad Quliyev tabeliyində olan igid
döyüşçülərlə birlikdə Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının düşmənlərdən
azad olunmasında iştirak edib. Göstərdiyi cəsurluğa, qorxmazlığına görə döyüş
yoldaşları ona “Canavar” ləqəbi vermişdilər. Polkovnik-leytenant Rəşad Quliyev
2020-ci il oktyabrın 7-də şəhidlik zirvəsinə ucalıb və II Şəhidlər xiyabanında, çox
hörmət bəslədiyi general Polad Həşimovun yanında dəfn olunub. Möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin Sərəncamlarına əsasən Rəşad Quliyev
“Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına
görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və
digər medallarla təltif olunub.
Şəhidimizin anası Mətanət xanım Quliyeva Rəşadın xeyirli övlad, qayğıkeş
ata, kiçik yaşlarından atasız böyüyən bacılarına xüsusi qayğı ilə yanaşan
qardaş, vətənini, xalqını çox sevən əsil şəxsiyyət olmasından söhbət açdı.
Çıxış edənlər - professor, AYB-nın üzvü, BƏC İB Ağsaqqallar Şurasının
sədri İmaməddin Zəkiyev, general Hüseyn Əlixanov, Müdafiə Nazirliyinin şöbə
müdirləri Zümrüd Səmədova və Elvin Dadaşov, Dövlət Gömrük Komitəsinin
Akademiyasının rəisi, general-mayor Qulu Novruzov, Quba Rayon İcra
Hakimiyyətinin şöbə müdiri Asəf Şirinov, yazıçı–publisist German, Suraxanı
rayon YAP-ın sədri Vüqar Seyidov, “Turan Türk Xalqlarının Mədəniyyətinin
İnkişafına Dəstək” İB-in sədri Zərnişan Azayeva, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qaradağ rayonu üzrə sektor müdiri
Cəsarət Qəhrəmanov, bu layihənin icrasında könüllü kimi iştirak edən
“Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in sədri və “Türk Dünyası Turan Düşüncə
Mərkəzi” İB-in İdarə Heyəti üzvü Tahir Xudiyev bu səpkili layihələrin həyata
keçirilməsinin şəhidlərimizin ruhunun yaşadılmasına, gənclərin vətənpərvərlik
ruhunda tərbiyəsinə müsbət təsir göstərməsindən, şəhid ailələri və qazilərimizə
dövlət qayğısından danışdılar. Eləcə də şəhidlərimizin qəhrəmanlığı barədə
geniş məlumatların gələcəkdə məktəb dərsliklərində əksini tapmasının gənc
nəslin vətənpərvərlik ruhunda tərbiyəsində böyük əhəmiyyət kəsb edə
biləcəyindən danışdılar.
Tədbirdə iştirak edən həmin məktəbdə məskunlaşmış məcburi köçkün
ailələrinin üzvləri onların öz yurd-yuvalarına qayıtmasının Rəşad Quliyev kimi
igidlərimizin qəhrəmanlığı naminə başa gəldiyini və buna görə də
minnətdarlığını bildirdilər.
Tahir Xudiyev şəhid ailələrinə və qazilərə tədbirdə iştirak edən dövlət
təşkilatlarının nümayəndələrinə öz problemlərini söyləməyi təklif etdi.
Tədbirdə şəhid Rəşad Quliyevin ailə üzvləri, tələbə və döyüş yoldaşları,
digər şəhid ailələri üzvləri, ƏƏSMN, DİN, Nizami Rayon Polis İdarəsi, Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman aparatı, TƏBİB,
3 nomrəli məktəbin müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri də
iştirak edirdilər.
Layihə rəhbəri Məlahət Abdullayeva bu yönümlü layihələrin həyata
keçirilməsinin vacibliyindən və məktəblərdə təqdimatının gənclərin
vətənpərvərlik ruhunda tərbiyəsinə böyük əhəmiyyətindən danışdı və bu
məktəbin eşitmə və danışma məhdudiyyəti olan şagirdlər üçün xüsusi inretnat
məktəbi olduğundan şagirdlərə jest dili ilə başa salan Gülşən müəlliməyə
təşəkkürünü bildirdi.
Mətbuat xidməti







YORUMLAR