1990-cı il 20 yanvarın qanlı xatirələri

1990-cı il 20 yanvarın qanlı xatirələri
20 Ocak 2022 - 21:58
1990-cı il 20 yanvarın qanlı xatirələri

Hər il 20 yanvar yaxınlaşarkən 1990-cı ildəki, yaddaşımızdan silinməyən qanlı
hadisələr gözümün qarşısından yenidən kino lenti kimi gəlib keçir. O vaxt xalqla dövlət
arasında böyük vəhdət yaranmışdı.
İndi danışacağım hadisə bəlkə də kiminsə xatirində və ya çəkilş kimi arxivində
qalıb: 20 Yanvar şəhidlərinin 40 mərasimi günündə ziyarət məqsədi ilə o vaxtkı
Əzizbəyov, Nizami, Sabunçu və Suraxanı rayonlarının sakinləri o vaxtkı Əzizbəyov
metrosu ərazisində toplaşaraq Şəhidlr Xiyabanına üz tutduq. Qaqarin körpüsü yanında
isə Xətai rayonunun sakinləri də bizə qoşuldu. Mən də o dövrlərdə milli xalq
hərəkatının öncüllərindən, söz sahiblərindən biri idim. 150 minədək kütlənin qarşısında
Böyük Vətən Müharibəsi veteranı olan atamın 07-07 nömrəli “Zaporojest” markalı
avtomoli ilə mən və əslən Dərələzli olan Qara Həsən ləqəbli dostum gedirdik. Qaqarin
körpüsünü keçəndən sonra o vaxt özünün polkovnik kimi təqdim edən, xalqa çox yaxşı
məlum olan( adını çəkmək istəmirəm) bir nəfər kütlənin qarşısına çıxaraq camaatı
Hökumət Evinin qarşısından aparmağa təkid edirdi. Lakin bir nəfər başqa gənc isə
yalvararaq bildirdi ki, əli qana batmış sovet-rus imperiyasının hərbçiləri Hökumət Evinin
qarşısında hazır silahlı dayanıblar. Ordan keçmək xalqı yenidən qırğına verməkdir.
“Polkovnik” yenidən bizə yanaşanda mən onu acılayıb qovdum. Kütləni Hökumət
Evinin arxası ilə aparmağa nail olduq. Bununla da xalqı yenidən qırğından qurtardıq.
O vaxtdan 31 il keçib. Zamanla hər kəs öz layiqli adını alır. “Polkovnik” o
hadisədən sonra da öz xəyanətkar hərəkətləri, vətənə “xidmətlər”i ilə kim olduğunu
Qarabağ döyüşlərində də sübut etdi. Sonradan məlum oldu ki, xalqı yenidən qırğına
verməmək üçün yalvaran gənc isə mötəbər dövlət qurumunun əməkdaşı imiş. Onu
həmişə hörmət və ehtiramla andığımız kimi, “polkovniki” də özünəlayiq “hörmətlə”
xatırlayırıq.
Bəzi deputatlar 20 Yanvarda həlak olanlar barəsində - evlərində güllə dəyib
onlara, şəhid deyillər,- desə də, fikrimcə, onlar Azərbaycanımızın müstəqilliyi uğrunda
ilk şəhidlərdir. Sağ qalsaq da, biz də canlı şəhidlərik. Əgər Azərbaycanımızın
müstəqilliyi üçün hər hansı bir təhlükə yaranarsa, bizlər hər an şəhid olmağa hazırıq.
Tahir Xudiyev
"Əlillər Dünyası" qəzetinin Baş Redaktoru
20.01.2022

YORUMLAR

  • 0 Yorum