Başım bədənimin yox, mədəmin üstündə –
Başım bədənimin yox, mədəmin üstündə – bu da boş, o da boş. - Hələ ki oğlumun yanında üst paltarımı soyunmaq istəmirəm. Qorxuram, qorxuram ki, o, alt paltarımdakı, paltarımdan böyük cırıq-yırtığa görə 'utanmaz' desin mənə. - Dan yeri ağarmamış qapım döyüldü. Əzrayıl olduğunu zənn edib 'kimsən' deyəndə, titrək səsli bir qadın 'Qorxma, qardaş, mənəm' dedi. Qonşumun gəliniydi, körpəsini ovundurmaq üçün evimdə olmayan – bir ovuc şəkər tozuyçün gəlmişdi. - Ölkəmdə məmur, oliqarx, nazir…, deputat insa
Başım bədənimin yox, mədəmin üstündə – bu da boş, o da boş.
- Hələ ki oğlumun yanında üst paltarımı soyunmaq istəmirəm. Qorxuram, qorxuram ki, o, alt paltarımdakı, paltarımdan böyük cırıq-yırtığa görə “utanmaz” desin mənə.
- Dan yeri ağarmamış qapım döyüldü. Əzrayıl olduğunu zənn edib “kimsən” deyəndə, titrək səsli bir qadın “Qorxma, qardaş, mənəm” dedi. Qonşumun gəliniydi, körpəsini ovundurmaq üçün evimdə olmayan – bir ovuc şəkər tozuyçün gəlmişdi.
- Ölkəmdə məmur, oliqarx, nazir…, deputat insan cismində sağ, mənsə sol ayaq və ələm sanki. Murdar yerə mənimlə girir, təmizə onunla çıxırlar, murdarı mən yuyuram… elə onu da (sağı).
- Ac gözlərim mədəmə, mədəmsə başı aşağı baxdı. Guya başımın üstündəki ac gözlərimlə yanaşı, işləməyən ağlım, ağzım yox, təkcə mədəmmiş.
- Çiyinlərim də öz ağır yükünü daşımaq istəmir daha. Üstündəki özündən başqa heç nəyi düşünməyən başım baş olsa da belə.
- “Kasıbam” deyib qapımı döyməyən, halıma yanmayan oğlan, qan ki, sən məndən çox-çox kasıbsan – insan deyilsən!
- Tanımadığım adamdan bir “gilə” siqaret aldığım üçün adımı “korrupsioner” qoyub həbs etdilər. Həbs edənsə, aldığı rüşvətin hesabına başı, qarnı piylənən, ağzı “iylənənlər” idi.
- Yaponiyadakı evləri sunami, zəlzələ yıxır, mənimkinisə evimin zirzəmisində “at oynadan” siçan və özümdən böyük “mış”.
- İçimi yeyib qurtaran dərddir, dəri süfrəni yığışdırmağa “ərinənsə” dərdimin ac qalmasını istəməyən Allah.
- Sinəmdəki torbaya “dilənçiyəm”, kürəyimdəkinə “məmuram” yazıb gəzdim. Geri – mənzil başına çatmağa gücüm yetmədi, kürəyimdəkinin yükü ağır idi, çox ağır.
- Cavanliqimi satmaq yox, hədiyyə etmək istədim, almadılar. Dedilər qayğısız, nəvazişsiz, dövlət, millət və övlad yanında hörmətsiz əşya nəyimizə lazım?